DÜNYA


Çində əhalinin 55 faizinə COVID-19 peyvəndinin hər 2 dozası vurulub

Çində 777 milyon nəfərə, başqa sözlə, əhalinin 55 faizinə COVID-19 peyvəndinin hər 2 dozası vurulub. Vurulan peyvəndlərin ümumi sayı isə 1 milyard 832 milyon dozadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir. Bildirilir ki, 1,4 milyard nəfər əhalisi olan Çində COVID-19 virusuna qarşı vaksinasiya ötən ilin dekabrında başlayıb. İlk mərhələdə xüsusi risk qrupundan olanlara məcburi qaydada peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Son 20 gün ərzində ölkədə lokal yoluxmaların çoxalması əhalinin vaksinasiyaya marağını artırıb. Hazırda Çinin 16 vilayətində virusa yoluxma hallarının qeydə alındığı 156 orta və yüksək riskli zona var.