CƏMİYYƏT


Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsinə səssiz yürüş edilib

Haaqada Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş səssiz yürüş keçirilib. Yürüşdə Niderlanddakı Azərbaycan və türk icmasının 60-dan çox üzvü iştirak edib. Əllərində “Xocalıya ədalət!” plakatı və Azərbaycan bayraqları, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsini rəmzləşdirən yanan şamlar tutan yürüş iştirakçıları Haaqanın mərkəzi dəmir yolu vağzalından Ədalət Sarayına doğru hərəkət ediblər. Haaqa ictimaiyyətinin diqqətini Xocalı faciəsinə cəlb etmək üçün Ədalət Sarayı qarşısında yürüş iştirakçıları yanan şamlarla “Justice for Khojaly!” yazıblar. Onlar beynəlxalq ictimaiyyətdən Xocalı faciəsinin müəlliflərinin cəzalandırılmasını istədiklərini bildiriblər.