CƏMİYYƏT


Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.  Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobili ilə “HYUNDAI” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “KİA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1970-ci il təvəllüdlü Allahverdiyev Mübariz Nizami oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.