CƏMİYYƏT


Dövlət Komitəsinin sədri: Azərbaycan xalqı dini ayrı-seçkiliyin ən qəddar təzahürləri ilə qarşılaşıb

Multikultural ənənələrinə sədaqətinə baxmayaraq, Azərbaycan xalqı dini ayrı-seçkiliyin ən qəddar təzahürləri ilə qarşılaşıb. Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərimizdə 67 məsciddən 65-i tamamilə, 2-si isə qismən məhv edilərək yararsız hala salınıb. Bir çox digər İslam abidələri dağıdılıb və yer üzərindən silinib. Bunların sırasında yüzlərlə məscid, türbə, qəbirüstü abidələr, inanc yerləri və digər ibadətgahlar var. 200 qəbiristanlıq tamamilə, 600 qəbiristanlıq isə qismən dağıdılıb. Xocalı qəbiristanlığı texnika vasitəsilə darmadağın edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.