CƏMİYYƏT


DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb

Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri zamanı Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu vasitələrin hazırlanaraq satışa çıxarıldığı aşkar olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Tural Müseyibov, Vüsal Xankişiyev, Şamil Elçiyev, Elnur Aslanov, İlqar Əhmədov və Yaşar Osmanov rayonun Saray qəsəbəsindəki gizli sexdə kimyəvi tərkib elementləri məişətdə istifadə edilməsi üçün nəzərdə tutulan həddən dəfələrlə yüksək olan, buna görə də insan sağlamlığına zərərli təsir göstərməyə malik yuyucu vasitələr hazırlayıblar. Dəstə üzvləri yuyucu vasitələri Bakı şəhərinin Nəsimi rayonu ərazisində və respublikanın müxtəlif rayonlarındakı satış nöqtələri vasitəsilə topdansatışını təşkil etməklə istehlakçıları aldadıblar.