CƏMİYYƏT


Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Otuz bir il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Həsənov Vüqar Telman oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları doğulduğu Sabirabad rayonunda torpağa tapşırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Vüqar Həsənovun nəşi ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Sabirabad rayonunun Muğan Gəncəli kəndinə gətirilib. Vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Sonra şəhidin nəşi kənd qəbiristanlığına gətirilib.