CƏMİYYƏT


Birinci Qarabağ müharibəsi şəhidi Asim Səfərov Qəbələdə dəfn olunub

Bir müddət əvvəl Dövlət Komissiyası tərəfindən nəşi tapılan şəhidlərdən biri də Qəbələnin Qəmərvan kənd sakini Asim Nadir oğlu Səfərovdur.

AZƏRTAC xəbər verir ki, bu gün saat 16:00 radələrində şəhidin nəşi 30 ildən sonra doğulduğu kəndə, ata yurduna gətirilib.
Şəhidlə ata yurdunda vida mərasimi keçirildikdən sonra nəşi kənd qəbiristanlığına gətirilib. Burada şəhid üçün cənazə namazı qılınıb və dəfn edilib. Dəfn mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.