CƏMİYYƏT


Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitələrinin salonlarında telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əmlakı qəsdən məhvetmə və oğurluqda şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəllüdlü Əli Səfərov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Qeyd edək ki, saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində araşdırmalar davam etdirilir. Ə.Səfərovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.