CƏMİYYƏT


Özünütəcrid nə üçün lazımdır və bu, koronavirusdan qorunmaq üçün kifayətdirmi AÇIQLAMA

Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlət səviyyəsində mühüm işlər görülsə də bu məsələdə vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Baş epidemioloq İbadulla Ağayev əhaliyə müraciət edərək bildirir ki, virusa yoluxma təhlükəsi tamamilə aradan qalxana qədər insanlar bacardığı qədər evdə oturmalıdırlar.

İbadulla Ağayev, Baş epidemioloq 

“Mən sizdən xahiş edirəm, bu müddət ərzində böyük ticarət mərkəzlərinə, müxtəlif tədbirlərə getməyəsiniz. Burada yoluxma ehtimalı çoxdur. Xüsusən yaşlı əhalimiz özünü daha artıq qorumalıdır. Evdə hərarəti olan varsa, mütləq həkimlərimizə müraciət etsinlər, təcili yardım və ya sahə həkimlərini çağırsınlar. Xahiş edərdim, evə gələn həkimlərimizin qoruyucu vasitələrdən istifadə etdiklərindən qorxmayasınız. Həkimlərin də sağlamlığı lazımdır. Qida məhsullarına fikir verin. Bu infeksiya sovuşana qədər bayram günlərində, çalışın, qohumlarınızla yaxından təmasda olmayın. Hərə bayramını öz evində keçirsin. Uşaqlarınız həyətdə digər uşaqlarla təmasda olmasınlar”.

 Baş epidemioloq deyir ki, evdə oturmaqla yanaşı bir-sıra gigiyenik qaydalara da əməl etmək lazımdır.

İbadulla Ağayev, Baş epidemioloq 

“Ailə üzvləri çöldən gəlibsə, heç kimə əl vermədən bilavasitə əllərini, üzlərini sabunlu məhlulla yusunlar, işlətdikləri qab-qaşıqları istifadə olunduqdan sonra dezinfektantlar tərəfindən yuyulmalıdır. Xəstələrə qulluq edənlər maskalardan istifadə etsin. Ən önəmli şərtlərdən biri 1 saatdan, 2 saatdan bir otağın havasını mütləq dəyişin”.

Epidemioloq koronavirusla bağlı təlaşa qapılmağa ehtiyac olmadığını, sadəcə gigiyenik tövsiyələri ciddiyə alaraq əməl etməyin vacib olduğunu vurğulayıb.