CƏMİYYƏT


Tibbi ölçü cihazları dövlət yoxlamasından keçməlidir

Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə sahəsində istifadə olunan tibbi ölçü cihazları istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövrü yoxlamadan keçirilməlidir. Məqsəd göstərilən səhiyyə xidmətləri zamanı xəstəliklərin diaqnostikasında istifadə olunan klinik-laborator, rentgen aparatları və.s kimi diaqnostik tibbi cihazların qeyri-dəqiq ölçmələrinin vətəndaşların həyatı və sağlamlığına mənfi təsirinin qarşısını almaqdır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səhiyyə sahəsində xidmət göstərən subyektlərin nəzərinə çatdırır ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, səhiyyə sahəsində yalnız üzərində yararlılığına dair yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnaməyə malik tibbi ölçü cihazlarından istifadəyə icazə verilir.