CƏMİYYƏT


Azərbaycanda koronavirusa yoluxanların karantin müddəti azaldılır

Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “omikron” ştamının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur.
Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.