MƏDƏNİYYƏT


Azərbaycan rənglərini çəkən fotoqraf - Etibar Cəfərov ilə SÖHBƏT

Etibar Cəfərov 13 ildir ki, fotoqrafiya sənəti ilə məşğuldur. İlk dəfə fotoaparat alanda bu işə həvəslə başlasa da sonradan maraqsız olduğunu da düşünüb. Ta ki, Bibiheybət məscidinin içərisində çəkdiyi arxitektura rəsmi Londonda keçirilən müsabiqədə 2-ci yer tutana qədər. Bundan sonra Etibarın uğurları davamlı olur. Paytaxt və bir-sıra bölgələrdə maraqlı rəsmlər çəkən fotoqraf bunları kitab şəklində çap etdirir. 

Etibar Cəfərov, fotoqraf

“Fotoqrafiyanı 2-3 il davam etdirdikdən sonra fikirləşdim ki, nə isə bir adla işləmək lazımdır. “Azərbaycanın rəngləri” adını fikirləşdim. Azərbaycanın rəngləri müxtəlifdir: mətbəxi, insanı, mədəniyyəti hər bir şeyi var və bunu rənglərə bölmək olar. Gördüm çox qalın çıxır, böldüm onu hissələrə: Bakı, Ana Vətən - belə silsilə çıxacaq. Başqa adlarla kitablarım çoxdur. Hələ ki “Azərbaycanın rəngləri. Bakı” çıxıb. Gələn həftə də “Azərbaycanın rəngləri. Ana Vətən” çıxacaq. Mən ingilis dilində çap etdirirəm. Çünki bunlar xarici turistlərə lazımdır. Düşünürəm ki, azərbaycanlılar bu şəkillərin harada çəkildiyini bilir”.

Etibar getdiyi hər yerə nə isə çəkmək arzusu ilə yollanır. Yaxşı foto çəkmək elə də asan deyil. Bunun üçün fotoqraf bir sıra incə məqamlara diqqət edir.

Etibar Cəfərov, fotoqraf

 “Artıq fotoqraf gözü varsa, sizdə hər bir şeyi çəkmək olar. Sadəcə həvəs lazımdır. Mən bir az aktiv adamam, studiyada işləyə bilmirəm. Hətta sifariş gəlsə də, gedim istəmədiyim işi görüm, heç götürmürəm. Sifariş gəlsə, Bakıda hansısa operanı çəkmək və Xınalıqda nəyisə çəkmək, mən Xınalığa gedirəm, halbuki Bakı yaxındır mənə. Arxitektura çəkirəm, insan çəkirəm, küçə şəkilləri və mənzərələr. Bütün günü fotoqrafiya ilə məşğul olmaq lazımdır. Əgər dayandınızsa, fotoqrafiya da dayanır. Mən düşünürəm ki, məşhur fotoqrafların işlərinə baxmaq lazımdır. Bütün günü öz çəkdiklərimə baxıram, nəyi artıra bilərəm. İnsana baxırsan, ön fon, orta fon, arxa fon - hamısını görürsən. Bir az insanla danışırsan. Birinci insan özünü kiməsə oxşatmağa başlayır, istəyir bir az qamətini düzəltsin, bir az düzgün olsun. Yarım saatdan sonra insan artıq özüdür, onda çəkəndə uğurlu alınır”.

Peşəkar fotoqraf deyir ki, bir rəsm belə fotoqrafın həyatını dəyişə bilər. Ona görə də o, lentə aldığı bütün rəsmlərə xüsusi həssaslıqla yanaşır.

Etibar Cəfərov, fotoqraf

“Çəkmədiyim, itirdiyim bütün kadrlar yadımdadır. Həmişə deyirəm ki, gərək bunu çəkərdim. Elə yer var ki, öz maşınımla qalxa bilmirəm, maşın tutursan, gedir, deyirsən “saxla”, o saxlayınca kadr itir. Məsələn, gedirsən Nohurgöl tərəfdə gün batır, biri var ona baxasan, biri də var onu çəkəsən. Biri var turist çəkdi qoydu İnstagrama, Qəbələ Nohurgöl. Amma fotoqrafa o, ömrünün axırına kimi lazım olur. Çünki bir şəkli çəkirsən, müsabiqələrə göndərirsən. O anı həm gedəndə, həm günəş batanda, həm də ömrünün axırına kimi yaşayırsan. Müsabiqələr çoxdur. Ona görə fotoqrafa o an maraqlıdır və lazımdır”.

Etibar Cəfərovun indiyə qədər həm ölkə daxilində, həm də London, Paris, Los-Anceles, İtaliyanın Paestum şəhərində sərgi və kitab təqdimatları olub.

Oktyabrın 25-də isə Helsinkidə fotoqrafın “Azərbaycanın rəngləri” adlı sərgisi baş tutacaq.