SİYASƏT


İtaliyanın nüfuzlu “Rai 1” telekanalında Qarabağla bağlı erməni iddialarına tutarlı cavab verilib

İtaliyanın nüfuzlu “Rai 1“ televiziya kanalının xəbərlər proqramının “EstOvest” rubrikasında erməni mənşəli italyan yazıçı Antonia Arslanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dini zəmində təqdim etməsi və son hərbi əməliyyatları ermənilərə qarşı “soyqırımı” adlandırması kimi iddialarına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin proqramda açıqlaması yer alıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan diplomatı Qarabağ münaqişəsinin dini zəmində deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn ərazi münaqişəsi olduğunu bildirib. “Ermənistan 30 ildir ki, Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, oradakı bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bu gün Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var”, - deyə səfir vurğulayıb.