CƏMİYYƏT


Yol Patrul Xidməti Alayının əməkdaşları pilləkəndən yıxılan uşağı xəstəxanaya çatdıraraq həyatını xilas ediblər

Yol polisləri övladını xəstəxanaya aparan zaman yolda qalan Masallı sakinlərinin köməyinə çatıblar. Körpə vaxtında tibbi yardım göstərilməsi üçün elə yol-patrul avtomobilində xəstəxanaya çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının Masallı rayonundakı stasionar postuna yaxınlaşan Masallı rayon sakini İsmayıl İsmayılov 2 yaşlı övladının təcili olaraq xəstəxanaya çatdırılması üçün kömək istəyib. O, pilləkəndən yıxılan övladına ixtisaslı tibbi yardım göstərilməsi üçün Lənkəran rayonuna gedərkən avtomobildə nasazlıq yarandığını, lakin yubanacaqları halda körpənin səhhətində ağırlaşma ola biləcəyini deyib. Dərhal 11-ci tağımın əməkdaşları tərəfindən həmin körpə və valideyni yol-patrul xidməti avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Diaqnostika Mərkəzinə çatdırılıblar.