CƏMİYYƏT


Sumqayıtda avtobus və taksilərdə maska taxmayanlara qarşı reyd keçirilib

Dövlətimiz tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir. Bütün bu hallar nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin, bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, xüsusən, avtobuslarda tibbi maskalardan istifadənin zəruriliyinə bəzi şəxslər tərəfindən riayət edilmir. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşları tərəfindən qapalı məkanlar və ictimai nəqliyyatda nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.