CƏMİYYƏT


Qobu qəsəbəsində bir nəfəri qətlə yetirəndən sonra evi yandıran şəxs saxlanılıb

Abşeron rayonu Qobu qəsəbəsində bir neçə gün əvvəl baş verən ağır cinayətin üstü açılıb. Həmin qəsəbə ərazisində yaşayan Ülfət Höccətovun yaşadığı evdə yanmış meyitinin aşkar olunması ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə göndərilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı təxminən 100 kvadratmetr sahəsi olan, 1 mərtəbəli, 4 otaqlı evin yandığı, həyətin darvazasının açıq olduğu aşkar olunub. Həmçinin evin yaxınlığında qan izlərinin aşkar olunması polis əməkdaşlarında hadisənin qəsdən törədildiyinə dair əsaslı şübhələr yaradıb. Ü.Höccətovun yanmış meyitinin müayinəsi zamanı onun sinə və kürək nahiyələrində kəsici-deşici xəsarətlər olması aşkar edildiyindən onun hadisədən əvvəl qətlə yetirildiyi müəyyən edilib. Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Cahangir Ramazanov saxlanılaraq prokurorluğa təqdim edilib. İlkin araşdırmalar zamanı onun qətl hadisəsini Ü.Höccətovla şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törətdiyi məlum olub.