Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN-in 100 əməkdaşı Türkiyəyə yola salınıb
30.07.2021 [19:35]
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə iyulun 30-da qardaş ölkəyə yola salınıb.
AZƏRTAC xəbər verir ki, yanğınsöndürmə qüvvələrinin birinci qrupunun tərkibində 100 əməkdaş Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşüb. Qrupun üzvləri Türkiyənin Dalaman bölgəsində yanğınlarla mübarizə aparacaq. Qrupu hava limanından fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb və yanğınsöndürənlərə müvafiq tapşırıqlar verib.