Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasirliyi, mükəmməlliyi və strateji əhəmiyyəti ilə seçilən Taxtakörpü su anbarından REPORTAJ

06.08.2021 [12:02]

Xəbərin mətni

Taxtakörpü su anbarı ölkəmizdə mövcud olan ən mühüm hidrotexniki qurğulardandır. Dövlətimizin başçısının sərəncamı, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə 2007-ci ildə tikintisinə başlanılan anbar çox böyük strateji əhəmiyyətə malikdir. Belə ki, son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Bunu Prezident İlham Əliyev də çıxışı zamanı xüsusi qeyd edib. Dövlət başçısı bildirib ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi ola bilərdi.
Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb ki, bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə olunan suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub.