SİYASƏT


Azərbaycan Prezidenti: Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq

İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən erməni vəhşiliyini unutmasınlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən söyləyib.