Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özünü İmam Mehdi kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb

24.08.2021 [11:06]

Xəbərin mətni

Bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirildiyini bildiriblər.
Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.