Azərbaycan Dövlət İnformasiya Agentliyi

Polis əməkdaşları tərəfindən qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçirilib

29.10.2021 [17:18]

Xəbərin mətni

Bakı şəhərində polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
İlk tədbir paytaxtın Suraxanı rayonu ərazisində baş tutub. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qapalı məkanlarda və avtobuslarda maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb onlar barəsində qanunauyğun tədbir görülüb. Həmçinin Suraxanı rayonunda qapalı məkanlarda sanitar-karantin qaydalarını pozan şəxslər də müəyyən edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.