CƏMİYYƏT


Terrorçuluqda ittiham olunan iki nəfər Ermənistan vətəndaşı ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəmə prosesi yanvarın 24-də davam edib.
AZƏRTAC xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq olunub. Sənədlərdə qeyd edilib ki, bu iş üzrə təqsirləndirilən şəxslərlə birlikdə tutulan digər dörd nəfər ötən il Ağdam rayonundakı minaların xəritələrinin Ermənistan tərəfindən verilməsi müqabilində qarşı tərəfə təhvil verilib. İşxan Sarqsyanın telefonuna baxış zamanı 2019-cu il çəkilmiş faylda Azərbaycanın Tovuz rayonunun Ağbulaq kəndinin koordinantları müəyyənləşdirilib. Həmin kənddən 40 kilometr məsafədə Əyyublu kəndinin ərazisindən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin stansiyası yerləşir. İşxan Sarqsyanın telefonuna baxış zamanı 2021-ci il mayın 27-də Kəlbəcər rayonun Yuxarı Ayrım kəndinin mina düzülməzdən əvvəl görüntüləri aşkarlanıb.