Narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü qəza törədib
23.02.2022 [16:02]
Suraxanı rayonu Hövsan qəsəbəsində narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü yol nəqliyyat hadisəsi törədib. Paytaxt sakini olan Anar İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olan zaman nəqliyyat vasitəsi yoldan çıxaraq qəzaya düşüb və sürücü yüngül dərəcəli xəsarətlər alıb. Hadisədən sonra Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücü tibbi müayinəyə aparılan zaman onun sükan arxsasında narkotik vasitələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü ifadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu və avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Həmçinin sürücü Anar İsmayılovun üzərinə baxış zamanı ondan şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin də aşkar edilib.