CƏMİYYƏT


İşğaldan azad olunan Füzuli istiqamətində şəhərlərarası ilk müntəzəm avtobus marşrutu istifadəyə verilib

İyunun 25-də Bakı–Füzuli–Bakı istiqamətində şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib. İlk avtobus səhər saat 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşüb.
Sərnişinlər yol boyu dağıdılmış kəndləri, məhv edilmiş infrastrukturu müşahidə ediblər. Beş saatdan sonra sərnişinlər uzun illər həsrətində olduqları Füzuliyə çatıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli sakinləri 30 il əvvəl tərk etdikləri doğma yurdlarının erməni vandalizmi nəticəsində tanınmaz hala düşdüyünün şahidi olublar. Xalqımızın tarixi, mədəni irsini Yer üzündən silmək cəhdi, evlərə, abidələrə, hətta qəbirlərə, məscidlərə qarşı törədilən terror erməni vəhşiliyinin heç bir sərhəd tanımadığını bir daha nümayiş etdirir.