DÜNYA


Çinin əsrarəngiz “Sarı dağ”ı populyar turzim məkanıdır

Çində qədimdən belə bir xalq kəlamı var – “Huanşan da daxil olmaqla 5 məşhur dağı görənlər digər dağları görmək istəməz. Huanşan dağını görən isə heç bir dağı görmək istəməz”. Yəni Huanşan dağı o qədər gözəldir ki, onu görən bir çinli, ölkədəki digər məşhur dağlara səyahət etməsinə gərək qalmayacaq.
Çin şərqindəki Anhuy əyalətinin cənubunda yerləşən Huanşan dağ silsiləsi 1200 kvadratkilometr sahəni əhatə edir. Milli təbiət qoruğu olan bu dağ silsiləsində 77 təpənin hündürlüyü 1000 metrdən çoxdur. Bura sanki yüksək təpələrin, dərin vadilərin, bulud dənizinin gözoxşayan harmoniyasıdır. Huanşan sözü Çin dilindən tərcümədə “Sarı dağ” mənasını verir. Əvvəllər "İşan" adlanan dağ hazırkı adını 747-ci ildə Tan sülaləsinin hakimiyyəti dövründə alıb.