CƏMİYYƏT


FHN: Binəqədi rayonu ərazisində tank mərmisi aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində hərbi sursat aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib.
Ərazidə hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış keçirilib. Həmin ərazidən aşkarlanmış sursatın döyüş tətbiqinə yararlı 125 millimetrlik ZBM-29 tank mərmisi olduğu müəyyən edilib.