Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abşeronda qanunsuz tikinti işlərinin qarşısı alınıb

06.03.2023 [11:06]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Abşeron rayonunun Masazır və Digah qəsəbələrində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.