CƏMİYYƏT


Son 20 gündə 250 kiloqram narkotik dövriyyədən çıxarılıb

Novruz bayramı günlərində polisin də istirahətdə olduğunu və narkotiklərlə mübarizə aparmadığı zənn edən Lənkəran şəhər sakini Vüsal Tahirov bir müddət idi ki, planlaşdırdığı cinayəti reallaşdırmaq üçün hər kəsin evində bayram süfrəsi ətrafında əyləşdiyi bir vaxtda İranda yaşayan narkotacir tanışının qaçaqmalçılıq yolu ilə göndərdiyi külli miqdarda narkotiki əldə etmək üçün hərəkətə başlayır. Amma Vüsal Tahirov ağlına belə gəlməzdi ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun barəsində əldə etdikləri əməliyyat məlumatını reallaşdırmaq üçün günlərdir məhz bu anı gözləyirdilər. Əməliyyat uğurla baş tutur və Vüsal Tahirov polislər tərəfindən saxlanılır. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı ümumilikdə 62 kiloqram, o cümlədən 23 kiloqram heroin, 7 kiloqram tiryək, 24 kiloqram marixuana və 8 kiloqram metamfetamin aşkar edilir.