CƏMİYYƏT


Şəhid Orxan Novruzəlizadə son mənzilə yola salınıb

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Novruzəlizadənin nəşi ailəsinə təhvil verilib. Ağstafa rayonunun Vurğun qəsəbəsində, şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Orxanın 25 yaşı vardı. Ailədə iki qardaş, iki bacı olan Orxan evin son beşiyi idi. Zəhmətkeş ailədə böyümüşdü. Elə məktəbdə də, kənddə də onu sakit təbiətli, vətənsevər bir gənc kimi tanıyırdılar. Anası ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində ölüb.