RƏSMİ


Prezident İlham Əliyev Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub.

Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.