CƏMİYYƏT


Xaçmazda dağılan körpü sökülür

Xaçmazda Qudyalçay çayı üzərində yerləşən dağılmış körpünün sökülməsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunun üçün əraziyə Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Söküntü işləri tamamlanandan sonra yeni körpünün inşasına başlanılacaq.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, uçan körpünün hissələrinin ərazidən çıxarılması işləri görülür.
“Qısa müddətdə köhnə körpü sökülüb, hissələri ərazidən çıxarılacaq. Yaxın on gün ərzində yeni körpünün tikintisənə başlanılması nəzərdə tutulub. Körpüdən şimal istiqamətdə Xaçmaz rayonun 98 yaşayış məntəqəsində 100 minə yaxın əhali yaşayır. Sakinlər körpü yenilənənədək alternativ yollardan istifadə edəcək. Hazırda Qımılqışlaq kəndindən keçən alternativ yolun yararsız vəziyyətə düşən hissələrinə yeni asfalt döşənir. “Xan arxı” kanalının kənarı ilə gedən yol isə agır texnikasının köməyi ilə hamarlanıb, lazım olan hissələrə çınqıl döşənib. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb” -deyə Anar Oruclu bildirib.
Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı yol nişanları qoyulub. Dövlət yol polisi əməkdaşları hərəkətin təhlükəsizliyinə nəzarət edir.