Qubanın Çənlibel gölündə dincələnlər
05.01.2024 [15:19]
Bayram günləri yerli turistlərin daha çox səyahət etdiyi bölgələr arasında Quba ilk yerlərdən birini tutur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Qubadakı otel və istirahət mərkəzlərindəki yerlərin böyük hissəsi əvvəlcədən tutulub. Rayona gələnlərin əksəriyyəti yerli turistlərdir. Bununla yanaşı, əcnəbi qonaqlar arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və Pakistandan olanlar çoxluq təşkil edir. Qubanın Azərbaycan paytaxtına məsafə baxımından yaxın olması turist axınında böyük rol oynayır. Rayonun İkinci Nügədi kəndindəki Çənlibel gölü son illər rayona gələn turistlərin sevimli istirahət məkanına çevrilib. Rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən gölün ətrafında istirahət mərkəzi və müasir otel fəaliyyət göstərir.