RƏSMİ


Prezident İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək.