İtalyan ekspert: "İmarət" kompleksini işğaldan öncəki vəziyyətinə qaytaracağıq
17.01.2024 [16:32]
“Biz hazırda "İmarət" Kompleksindəyik. Burada həm tarixi abidələr, həm də qədim qəbirstanlıq mövcuddur. İşğal dövründə ermənilər burada inək və donuz saxlayıblar. Buranı viran ediblər. Ağdam işğaldan azad olunduqdan sonra bura ilk dəfə gələndə bu kompleksi çox bərbad və viran qalmış vəziyyətdə görmüşük. "İmarət" Kompleksinin bərpası ölkə rəhbərliyinin diqqətindədir və xalq üçün çox önəmlidir. Mədəniyyət Nazirliyi ilə kompleksin bərpası ilə bağlı müzakirələr aparmışıq, bərpa planı keçən il hazırlanıb. Kompleksin bərpası 2 mərhələdən ibarət olacaq, Mövcud tikililərin və qədim qəbirstanlığın bərpası. Qəbirstanlığın bərpasında böyük çətinliklər var çünki bütün qəbirlər dağıdılıb. Azərbaycanlı arxeoloqlar qəbirstanlığın bərpasına cəlb olunublar, çox böyük işlər görüblər. Əsas məqsədimiz "İmarət" Kompleksini bərpa edib işğaldan əvvəlki vəziyyətə gətirməkdir”. Bu fikirləri Qədim abidələrin bərpası üzrə beynəlxalq dərəcəli italyan ekspert Alessandro Bianki jurnalistlərə açıqlamasında deyib.