SİYASƏT


XİN: Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır

Məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur.

Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb.

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli mətbuatın sualına cavabında səsləndirib.