CƏMİYYƏT


Azərbaycanda hidrometeoroloji xəbərdarlıqlar əhaliyə rəng şkalası ilə təqdim olunacaq

“Son dövrlər qlobal miqyasda müşahidə olunan iqlim dəyişmələri ölkəmizin ərazisinə də təsirsiz ötüşməyib. İqlim dəyişmələri əsasən havanın temperaturunun yüksəlməsi, yağıntıların azalması, xüsusilə də təhlükəli hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə özünü göstərir. Bu da qlobal miqyasda iqlim dəyişmələrinin, eləcə də təhlükəli atmosfer hadisələrinin baş verə biləcək fəsadlarının əvvəlcədən müəyyən edilərək əhaliyə və aidiyyəti qurumlara çatdırılması sisteminin, yəni erkən xəbərdarlıq sisteminin inkişaf etdirilməsini ön plana çəkir. Bu məqsədlə Milli Hidrometeorologiya Xidmətində müasir müşahidə sistemləri tətbiq olunur, müşahidə şəbəkəsi modernləşdirilir. Belə ki, 2020-ci ildən etibarən son 3-4 il ərzində müşahidə şəbəkəmizdə 40 dəst avtomat hidroloji, 17 dəst avtomat meteoroloji, 4 dəst avtomat okeanoloji stansiya alınaraq quraşdırılmış, 2 dəst radiozond sistemi və 2 dəst dopler hava radarı istifadəyə verilib”. AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov mayın 8-də Situasiya Mərkəzində keçirilən mətbuat konfransında deyib.