SİYASƏT


Baş konsul Birey Yılmazsoy: Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığımız var

Bütün ölkələrdə olduğu kimi Ukraynada Azərbaycan və Türkiyə diplomatiyası “Bir millət, iki dövlət” şüarı ilə dost, qardaş əməkdaşlığını davam etdirir. AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyənin Odessadakı baş konsulu Birey Yılmazsoyla görüşündə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev söyləyib. Səfir Odessada Azərbaycan icması ilə sıx əməkdaşlığa görə Türkiyənin baş konsuluna təşəkkürünü bildirib və qeyd edib ki, baş konsulluq müharibə başlayandan sonra Odessa və buraya yaxın bölgələrdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanıb. “Bu gün biz əməkdaşlığın bütün sahələrindən danışarkən Azərbaycan Türkiyə münasibətlərinin tarixi zirvədə olduğunu qeyd etsək, yanılmarıq. Azərbaycan və Türkiyə əməkdaşlığı Ukraynada da zirvədədir. Odessada Türkiyənin baş konsulluğunun olması Azərbaycana da güvənc verir”, - deyə Seymur Mərdəliyev vurğulayıb.