RƏSMİ


Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.
Prezident İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərimizdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd etdi.
Dövlətimizin başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.