Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağdamda Azərbaycanda ilk dəfə elektromobillərin şarj cihazları istehsal ediləcək

09.01.2025 [19:20]

Xəbərin mətni

Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda ilk dəfə olaraq elektromobillərin şarj cihazlarının istehsalına başlayacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu şirkətin texniki direktoru Ruslan Şıxəliyev jurnalistlərə açıqlamasında deyib.

R.Şıxəliyev bildirib ki, şirkətin məhsulları Qarabağ bölgəsində təmir-bərpa işlərində istifadə olunur: “Şirkətimiz 2022-ci ildə Ağdam Sənaye Parkının rezidenti olub. İstehsala isə 2024-cü ilin sentyabr ayında başlanılıb. İstehsal sahəsinin birinci mərhələsində 0,4 kV-luq idarəetmə panelləri, 6,10,35 kV-luq elektrik yuvaları istehsal olunur. Müəssisədə əsasən yerli əhali olmaqla, 45 nəfər işlə təmin edilib. İkinci mərhələdə işçilərin sayının 70-80 nəfərə çatdırılması nəzərdə tutulub. Yaxın zamanda istehsal olunan məhsulların xaricə ixrac olunması planlaşdırılır”, - deyə o bildirib.