Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib

26.04.2025 [16:20]

Xəbərin mətni

İşğaldan azad edilən ərazilərdə səfərdə olan tanınmış dünya səyyahları bu gün Cəbrayıla gəliblər. Burada səyyahlar işğaldan azad edilən Mehdili kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara işğal zamanı ərazilərin həddən çox minalarla çirkləndirilməsi barədə, həmçinin ötən dövrdə mina təhlükəsi nəticəsində həlak olanların və sağlamlığını itirənlərin olduğu haqda məlumat verilib. Ərazilərdə tank əleyhinə minaların, piyada əleyhinə minaların, həmçinin qarışıq mina xətlərinin çox olduğu bildirilib. Bundan başqa, axtarış vaxtı ərazidə partlamamış silah-sursatlar da aşkarlandığı deyilib. Qeyd edilib ki, aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır. Səyyahlara, həmçinin məlumat verilib ki, ərazidə təmizləmə işləri mexaniki üsulla, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır.