Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fuad Ələsgərov: Azərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir

18.06.2025 [14:05]

Xəbərin mətni

Bu il Azərbaycanda məhkəmə hakimiyyətinin idarəedici funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyi qeyd olunur. 2005-ci ildə bu qurumun formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarəolunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.