Fikrət Məmmədov: Məhkəmə sisteminin mütərəqqi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması vacibdir
18.06.2025 [14:09]
Hər bir demokratik hüquqi dövlət üçün səmərəli məhkəmə hakimiyyətinin rolu əvəzsizdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edərək məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə xüsusi önəm verirdi. Ulu Öndər qeyd edirdi ki, demokratik hüquqi dövlət yaradılaraq pillə-pillə yüksəklərə çatdırılır. Bunun üçün isə məhkəmə sisteminin mütərəqqi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması vacibdir. Bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.