Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət Komissiyasının sədri : Ağdərədə növbəti kütləvi məzarlıq aşkarlanıb

09.10.2025 [13:05]

Xəbərin mətni

Bütün çətinliklərə baxmayaraq, 2025-ci ildə Dövlət Komissiyası aidiyyəti dövlət qurumlarının mütəxəssis heyəti ilə birlikdə üç dəfə ən çətin relyefə və kəskin hava şəraitinə malik Kəlbəcər rayonundakı Murovdağ silsiləsində axtarış və qazıntı işlərini həyata keçirib. Əvvəlki illərdə Kəlbəcər istiqamətində axtarış-qazıntı işləri aparılsa da, bu il artıq bu proses sistemli şəkildə, dron texnologiyası tətbiq edilməklə həyata keçirilib və müsbət nəticə əldə edilib. Bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.