Rektor: Həkimləri Təkmilləşdirmə İnstitutu ölkənin səhiyyə sisteminin formalaşmasında və inkişafında müstəsna rol oynayıb
19.12.2025 [14:20]
Həkimləri Təkmilləşdirmə İnstitutu 90 illik fəaliyyəti ilə Azərbaycanın səhiyyə tarixinin mühüm və ayrılmaz hissəsinə çevrilib. Mürəkkəb tarixi şəraitdə əsası qoyulan bu elm və təhsil ocağı ötən onilliklər ərzində təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda, tibb elminin inkişafına və cəmiyyətin sağlam gələcəyinə xidmət edən strateji mərkəz kimi formalaşıb. Burada çalışan alim və həkimlərin fəaliyyəti nəticəsində tibb təhsilində və davamlı peşəkar inkişaf sahəsində bir çox ilk addımlar məhz bu institutdan başlanıb. Bunu Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik Konqresdə institutunun rektoru Nazim Pənahov deyib.