Azərbaycan Dövlət İnformasiya Agentliyi

İdarə Heyətinin sədri: Birgə fəaliyyət nəticəsində iş yerlərində psixososial risklərin qarşısının alınması mümkündür

28.04.2026 [17:18]

Xəbərin mətni

Hər il Beynəlxalq Əmək Təşkilatı (BƏT) iş yerlərində yeni yaranan risklər və bunun gələcəkdə qarşısının alınması məqsədilə ictimaiyyətin diqqətini daha da artırmaq üçün xüsusi şüarlarla çıxış edir. Bu ilin şüarı da psixososial risklərin idarəedilməsi, müasir yanaşmalar və onun həlli yollarıdır. Bu gün Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə təşkil olunan panel müzakirəsində çıxışçıların qeyd etdiyi xüsusi məqamlar nəticəsində məlum oldu ki, ümumiyyətlə, psixososial risklər, iş bölgüsünün düzgün aparılmaması, əlavə iş yükləri, vəzifə öhdəliklərinin düzgün müəyyən edilməməsi və digər amillər işçilərin sağlamlığına təsir göstərir, onların rifahını aşağı salır. Bu da nəticə etibarilə müəssisənin məhsuldarlığına birbaşa zərbə vurur. Buna görə də həm işəgötürənlər, həm işçilər, eyni zamanda, dövlət qurumları birgə fəaliyyət göstərməlidir. Birgə fəaliyyət nəticəsində iş yerlərində psixososial risklərin qarşısının alınması mümkündür. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin Əməyin Mühafizəsi Mərkəzinin İdarə Heyətinin sədri Vüsal Məmmədov deyib.