Elçin Əmirbəyov: Azərbaycan üçün atəş səsləri kəsilsə də, minalar susmayıb
03.09.2026 [14:06]
Budəfəki konfransımız təhlükəsiz yaşayış məntəqələrinin yaradılması və bərpası üçün humanitar minatəmizləmə məsələsinə həsr olunub. Əsas mesaj çox sadədir: Müharibənin fiziki nəticələri insanların həyatını təhdid etməyə, hərəkət imkanlarını məhdudlaşdırmağa, iqtisadi fəaliyyətə mane olmağa, məcburi köçkünlərin geri qayıdışını ləngitməyə və dövlətlərarası münasibətlərin normallaşmasına mane olmağa davam etdiyi müddətdə sülhü tam bərqərar olmuş hesab etmək olmaz. Məsələ insanların öz evlərinə qayıda bilib-bilməməsindən, icmaların yenidən qurulub-qurula bilməməsindən, uşaqların məktəbə təhlükəsiz gedə bilib-bilməməsindən gedir. Söhbət sülhün insanların bundan sonra, həqiqətən, yaşaya biləcəyi davamlı bir reallığa çevrilib-çevrilməməsindən gedir. Bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.