SİYASƏT


Diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirə keçirilib

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş VI müşavirənin iştirakçılarına təbrik məktubunu oxuyub. Müşavirədə çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan diplomatiyasının bir əsrlik inkişaf yolu, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yeni yaranmış respublikanın tanıdılması istiqamətində atılmış addımlar, Cümhuriyyətin süqutundan sonra sovet dövründə Xarici İşlər Komissarlığının fəaliyyəti və nəhayət, müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi, milli maraqlarımıza əsaslanan dinamik və fəal xarici siyasətimiz barədə danışıb.