SİYASƏT


Bakıda “Dəniz Kuboku-2019” müsabiqəsinin bağlanış mərasimi keçirilib

Avqustun 15-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları 2019” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2019” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib. Tədbirin aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bildirib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildə bünövrəsi qoyulan “Beynəlxalq Ordu Oyunları”na maraq artır. “Dəniz Kuboku–2019” müsabiqəsinin həyəcanlı anları artıq geridə qaldı və hərbi dənizçilərimiz təbiətin sərt sınaqlarından uğurla çıxdılar. Üçüncü ildir ki, Azərbaycan “Dəniz Kuboku” müsabiqəsinə ev sahibliyi edir və yarışların şəffaf, yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradır. Ötən illərdə olduğu kimi, bu il də “Dəniz Kuboku” dostluq, qardaşlıq, qarşılıqlı anlaşma şəraitində keçib və bütün iştirakçı dövlətlərin böyük marağına səbəb olub.