SİYASƏT


Elmar Məmmədyarov: Sülh danışıqlarının gələcəyi beynəlxalq birliyin, o cümlədən İslam ümmətinin qətiyyətindən asılıdır

Nyu-Yorkda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xarici İşlər naziri Elmar Məmmədyarov iclasda çıxış edib. Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan arasında münaqişə baş qaldırandan bəri İƏT Azərbaycana qarşı təcavüzü pisləyərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyən, o cümlədən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini yerinə yetirməyə çağıraraq prinsipial mövqe nümayiş etdirib.