SİYASƏT


ABŞ Konqresinin Reybörn binasının qarşısında etiraz aksiyası keçirilib

Xəbər verildiyi kimi, oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyan Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazandırmaq məqsədi daşıyan tədbir keçirib.
Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ-dakı “nümayəndəliyi”, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə ermənipərəst qanunvericilər də dəvət olunub.
Tədbirlə eyni vaxtda Reybörn binasının qarşısında Azərbaycan icması tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib.